Məmmədnicat Salahov

Məmmədnicat Salahov

Mammadnicat Salahov

Doğum tarixi: 1934
Yaşı:
Doğum yeri: Bakı, Azərbaycan SSR
Vəfat tarixi:
Vəfat yeri:
Vətəndaşlıq:

Sayt: Məşhur insanlar
Müəllif: Elvin Rzayev

Məmmədnicat Salahov 1934-cü ildə anadan olmuşdur. O, 1958-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirmişdir. Onun diplom işi - komsomolun 40 illiyinə həsr olunmuş "Gənclik" kompozisiyası hazırda İncəsənət Muzeyində saxlanılır.

1959-60-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında işləyən M.Salahov "Bir qalanın sirri", "Səhər", "Mateo Falkoni" və başqa filmlərdə rəssam kimi çalışmışdır.

M.Salahov Tbilisi Rəssamlıq Akademiyasını bitirdikdən sonra fəal yaradıcılığa başlamışdır. O, 1966-1969-cu illərdə gənclərin birinci respublika sərgisində "Quraşdırıcı" işi ilə iştirak etmiş, bəstəkar Cövdət Hacıyevin portretini yaratmış, M.F.Axundovun mərmərdən büstünü Azərbaycan Elmlər Akademiyası üçün işləyib hazırlamışdır.

1970-ci ildə M.Salahovun "Xəzər" alleqorik kompozisiyası respublika sərgisində nümayiş etdirilmişdir. Əsər rəhbərlik tərəfindən bəyənilmiş və Bakının dənizkənarı parkında qoyulması məsləhət görülmüş, məlum olmayan səbəblərə görə bu, baş tutmamışdır.

M.Salahovun yaradıcılığında Böyük Vətən müharibəsi mövzusu xüsusi yer tutur. Onun bu mövzuda hazırladığı xatirə abidələri Kürdəmir, Masallı, Füzuli, Ağcabədi rayonlarında, Bakının Balaxanı və Hövsan qəsəbələrində ucalır.

Böyük Vətən müharibəsi qəhrəmanlarından Gəray Əsədov, Məmiş Abdullayev, Məstan Əliyev və Hüseynbala Əliyevin büstlərini, habelə tanınmış futbol hakimi Tofiq Bəhramov, bəstəkar Qılman Salahov, neftçi usta Baba Pirməmməd və kəşfiyyatçı İsmayıl Kərimovun portretlərini hazırlamış, həmin işlər ümumittifaq və respublika sərgilərində nümayiş etdirilmişdir.

1986-cı ildə Moskvada keçirilən Azərbaycan rəssamlarının sərgisində M.Salahov üç işi - "Çövkən", "Gənc fəhlə" və "Ucalın portreti" ilə iştirak etmişdir. Mərmər və tuncdan hazırlanmış son iki əsər Moskvanın sərgilər mərkəzi tərəfindən alınmışdır.

O, eyni zamanda İmran Qasımov və usta Baba Pirməmmədinxatirə lövhələrini yaratmışdır. Neft daşlarında dəniz neftçilərinə ithaf edilmiş 4 metr hündürlüyündə, 5 fiqurdan və 40metrlik barelyefdən ibarət abidə ansamblının müəllifidə M.Salahovdur. 1991-ci ildə M.F.Axundov adına kitabxananın binasında qoyulmuş dahi miniatürçü rəssam Soltan Məhəmmədin 3 metrlik abidəsi də onun sənətinin məhsuludur.

M.Salahov 1987-1989-cu illərdə zəngilan rayonunda qoyulması nəzərdə tutulan Babəkin at üstündə abidəsini işləyib hazırlamışdır. Lakin ermənilərin rayonu işğal etməsi abidənin ucaldılmasına imkan verməmişdir.

1998-ci ildə M.Salahov Moskvada yaşayan həmyerlimiz, məşhur Neyrocərrah, tibb elmləri doktoru Həbib Həbibovun tuncdan büstünü hazırlamış, respublika sərgisində keçmiş maliyyə naziri işləmiş babası Əliağa Həsənovun portreti ilə çıxış etmişdir. Müxtəlif illərdə o, Həzi Aslanov, Ü.Hacıbəyov, H.Soltanov, S.Vurğun, neft sahibkarı Balaməmməd Salahov, Qaçaq Nəbi və b. görkəmli azərbaycanlıların büst və portretlərini yaratmışdır.

Məmmədnicat Salahov 2004-cü ildə Tofiq Bəhrəmovun heykəlini hazırlamaqla dünyada futbol hakiminə qoyulan ilk heykəlin müəllifi olmuşdur. Heykəlinin açılışı 2004-cü il oktyabrın 13-də dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – İngiltərə matçından öncə olub.

Onun əsərləri Respublika İncəsənət Muzeyində, İncəsənət Fondunda, şəxsi kolleksiyalarda və xarici ölkələrdə saxlanılır.

M.Salahov 30 ildən artıq Ə.Əzimzadə adına Rəssamlıq məktəbində müəllim işləyib.

M.Salahovun oğlanları Ucal və Orxan da atalarının yolunu seçmiş, hər ikisi heykəltəraşdır.

Ucal 1991-ci ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1997-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir.

Orxan 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Ucal və Orxan mütamadi olaraq respublika sərgilərində yeni əsərləri ilə iştirak edirlər.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: